Mülki İddia
Cinayət Mühakimə İcraatında Mülki İddia
Cinayət törədilməsi nəticəsində şəxslərə maddi və ya mənəvi zərər dəymiş olur. Cinayət nəticəsi olaraq vurulmuş zərərin ödənilməsi mexanizmi mülki iddianın verilməsidir.
Mülki iddianın verilməsi subyektiv hüququdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.
Cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır.
Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə qarşı yazılı şəkildə verilir. Hüquqi şəxsin adından mülki iddianı onun cinayət işi üzrə nümayəndəsi tərəfindən verilir.
Cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verə bilər. Cinayət işi üzrə mülki iddia verildikdə elə həmin cinayət işinin aid olduğu məhkəmədə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Bu tələb üzrə iddia müddəti tətbiq edilmir.
Qeyd edilən kimi cinayət işi gedişində şəxsə vurulan ziyanı tələb etmək üçün mülki iddia qaldıra bilərsiniz. Bu həm də prosessual qənaət prinsipinə əsaslanır. Yəni əlavə məhkəmə icraatı açılmasına zərurət qalamadan eyni cinayət işinin tərkibində pozulmuş hüquqların bərpası mümkündür.
Mülki iddianı cinayət işi üzrə vermədikdə, ayrıca mülki icraat çərçivəsində də birinci instansiya məhkəməsində iddia qaldırmaqla verilə bilər. Bu zaman isə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsi tərtib edilir və müvafiq məhkəməyə verilir.
Bir qayda olaraq iddia cavabdeh fiziki şəxsin rəsmi qeydiyyat ünvanı üzrə, cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerə görə iddia qaldırılır. Xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında mülki iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər.
Pozulmuş hüquqların bərpasını tələb etmək hər bir kəsin əsas hüquqlarındandır. Hüquqlarınızın müdafiəsi üçün peşəkar hüquqşünasların xidmətindən istifadə edin.