
“Konsultant seçərkən buraxılan 6 kritik səhv – və onlardan necə qaçmalı?”
Sahəsindən asılı olmayaraq, əksər bizneslərin əsas məqsədi inkişafdır. Lakin çoxsaylı idarəetmə prosesləri və potensial risklər fonunda sahibkarın müəyyən mərhələdə konsultanta müraciət etməsi tamamilə təbii haldır.Konsultantlar şirkətdən kənar mütəxəssislərdir və onların əsas rolu şirkətin fəaliyyətini araşdırmaq, daxili iş prinsiplərini anlamaq və bu bilik əsasında prosesləri daha səmərəli hala gətirəcək strategiyalar təklif etməkdir. Nəticədə bu strategiyalar daha gəlirli və effektiv həllərlə nəticələnə bilər.
Amma bu proses düzgün aparılmadıqda, zaman, enerji və pul itkisinə səbəb olur. Konsultant seçərkən diqqət etməli olduğunuz bir neçə əsas səhv aşağıdakılardır:
1.Yanlış Zamanlama.
Bir çox insan və təşkilatın etdiyi kimi, son anda – artıq böhran vəziyyətində ikən – konsultant tutmaq və ondan möcüzə gözləmək, qaçılmaz olaraq məyusluqla nəticələnəcək.
Ən peşəkar konsultantlar belə, uğurlu nəticə üçün yetərli vaxta ehtiyac duyurlar. Onlara bu şəraiti yaratmadan işə cəlb etsəniz, uğursuzluq ehtimalını artırmış olarsınız. Ən düzgün yanaşma — konsultantı vaxtında cəlb etmək, ona aydın məqsədlər vermək və real zaman çərçivəsi təqdim etməkdir.
2.Sizin konkret sahəniz haqqında az anlayışı olan konsultantı seçmək.
Konsultantın biznesinizə fayda verəcək, sahəyə uyğun fərdi strategiya hazırlaması vacibdir. Lakin bəzən konsultantlar “hamıya uyğun eyni ölçü” yanaşmasından istifadə edirlər. Çoxlu şirkətlər üçün işə yarayan metriklər və strategiyaları təkrar-təkrar təqdim etmək kifayət edir deyə düşünürlər. Fərdiləşmə və sahəyə dair araşdırmanın olmaması, ixtisaslaşmış sahədə fəaliyyət göstərən şirkətə ciddi zərər verə bilər.
Konsultantı dinləyərkən onun mənbələrini və strategiyalarını mütləq soruşun. Əsas məqsəd, sahibkar kimi, şirkətinizə fayda verəcək məlumat almaqdır. Konsultantın sizin sahədə əməkdaşlıq etdiyi əvvəlki müştərilərin siyahısını tələb edin.
3.Aydın və əhatəli tapşırıq verməmək.
Ən təcrübəli konsultantı belə işə götürsəniz, əgər ona aydın tapşırıq və dəqiq gözləntilər təqdim etmirsinizsə, uğurlu nəticə gözləmək əbəsdir.
Ən ciddi səhvlərdən biri də— ilkin tapşırıqda qeyd olunmamış işi sonradan “əlavə” kimi istəməkdir.. Konsultantlar da biznes sahibidirlər və qiymətləndirmələrini sizin təqdim etdiyiniz məlumata əsasən edirlər. Əgər siz məlumatı tam vermirsinizsə, onlar da işə onu daxil etməyəcəklər.
4.Yalnız qiymətə əsaslanaraq seçim etmək.
Büdcə vacib olsa da, yalnız qiymətə əsaslanaraq seçim etmək təcrübəsiz və ya lazımi bacarıqlara malik olmayan konsultantı işə götürməyə səbəb ola bilər. Bu isə uzunmüddətli dövrdə daha çox xərcə başa gələ bilər.
Qiymətlə yanaşı, dəyəri də qiymətləndirin. Doğru mütəxəssisə sərmayə qoymaq daha yüksək gəlir gətirə bilər. Əvvəlcədən qənaət etmək istəyiniz sonradan əlavə xərclərlə nəticələnə bilər.
5.Mədəni uyğunluğun nəzərə alınmaması.
Bir çox rəhbərlər yalnız texniki bacarıqlara və təcrübəyə fokuslanır, lakin konsultantın komanda mədəniyyətinə nə dərəcədə uyğun olacağını nəzərə almırlar. Bu isə sonradan əməkdaşlıqda çətinliklər yarada bilər.
Texniki bacarıqlardan əlavə, konsultantın şirkətinizin dəyərlərinə və iş tərzinə uyğunluğunu da qiymətləndirin. Qeyri-rəsmi tanışlıq görüşləri və ya müsahibələr təşkil edərək ünsiyyət tərzini, çevikliyini və komandaya uyğunluğunu müşahidə edin.
6.Müqavilə olmaması.
Konsalting şirkəti seçərkən ən ciddi və çox vaxt gözardı edilən səhvlərdən biri müqavilənin olmamasıdır. Bir çox biznes sahibi konsultantla əməkdaşlığa başladıqda, qarşılıqlı anlaşma və gözləntilərin yazılı şəkildə sənədləşdirilməsinin nə qədər vacib olduğunu unudur. Lakin müqavilənin olmaması sonradan ciddi problemlərə yol aça bilər. Müqavilə əməkdaşlığın əsas qaydalarını, görüləcək işlərin dəqiq tərifini, layihənin müddətini, ödəniş şərtlərini və tərəflərin məsuliyyətlərini müəyyənləşdirən hüquqi sənəddir. Bu sənəd hər iki tərəfin hüquq və vəzifələrini qoruyur, anlaşılmazlıqların qarşısını alır və gözlənilməz riskləri azaldır.
Konsalting xidməti sadəcə məsləhət almaq deyil – bu, şirkətin strategiyasını, hüquqi təhlükəsizliyini və əməliyyat keyfiyyətini formalaşdıran uzunmüddətli tərəfdaşlıqdır. Bu səbəbdən düzgün partnyor seçimi yalnız cari problemi deyil, gələcək inkişaf imkanlarını da müəyyən edir.
Xidmət seçimində tələsməyin. Suallar verin, müqayisə edin, referans istəyin və sizin dəyərlərinizi başa düşən bir tərəfdaşla işləyin. Konsalting alarkən məqsəd “sürətli nəticə” deyil, “dayanıqlı inkişaf” olmalıdır.
Əgər siz də strategiyanıza uyğun, hüquqi baxımdan dayanıqlı və etibarlı konsultasiya tərəfdaşı axtarırsınızsa, komandamızla əlaqə saxlaya bilərsiniz. Müxtəlif sahələrdəki təcrübəmiz və nəticəyə fokuslanmış yanaşmamızla biznesinizə dəyər qatmaq üçün buradayıq.