Korporativ Sosial Məsuliyyət  – korporativ dəyərlər yaradır.

Cəmiyyətin rifahının yaxşılaşdırılması üçün biznes mühüm əhəmiyyətə malikdir. Biznesin idarə edilməsi nəticəsində Şirkətlərin dövlət və cəmiyyət qarşısında öhdəlikləri və hüquqi məsuliyyəti yaranır. Şirkət öhdəliklərini yerinə yetirmədikdə hüquqi məcburetmə vasitələri ilə üzləşməli olurlar.

Korporativ Sosial Məsuliyyət (KSM) isə özündə məsuliyyət sözünü ehtiva etsə də, tamamilə könüllüdür. Bu daha çox məsuliyyətin dərk edilməsi və etika, ictimai funksiyadır.

Biznesin məqsədi ilk baxışda əmtəə sataraq, xidmətlər göstərərək və sair şəkildə gəlir əldə etməklə bağlı fəaliyyətdir. Lakin bu biznesin yeganə məqsədi olmamalıdır. Həmçinin biznesin qayəsi öz fəaliyyəti ilə cəmiyyətə töhfə verməkdir.

Şirkətlər sosial problemlərin həllində iştirak etməklə biznes üçün əlverişli mühit yaradır, müsbət imic formalaşdırır, korporativ sosial məsuliyyətin reallaşmasında öz işçi kollektivi ilə birgə çalışır, digər bazar subyektləri ilə münasibətlər qurur. Bu qanvermə aksiyasında iştirak etmək, ətraf mühitin mühafizəsi üçün addımlar atmaq, humanitar və xeyriyyə tədbirlər təşkil etmək və sair formada ola bilər.

KSM daxili və xarici formada olur. Daxili sosial məsuliyyət:

-əməyin təhlükəsizliyi və mühafizəsi;

-sabit əmək haqqı ödənilməsi;

-əmək haqqıların sosial və iqtisadi əhəmiyyətinin qorunması;

-işçilərin qanunla müəyyən olunmuş qaydada sosial və tibbi sığortası;

-işçilərin müxtəlif ixtisasartırma və təhsil proqramlarına cəlb edilməsi;

-işçilərin bu proqrama cəlb edilməsilə insan kapitalının inkişafı;

-çətin anlarda kömək .

Xarici sosial məsuliyyət isə aşağıdakı fəaliyyət sahələrindən asılıdır:

-sponsorluq və xeyriyyəçilik;

-ölkənin, regionun və bələdiyyələrin ekoloji proqramlarında iştirak;

-böhran vəziyyəti zamanı şirkətlərin yardıma tam hazır olması;

-yerli əhali ilə qarşılıqlı olaraq münasibət;

-keyfiyyətli məhsul istehsalı.

Sosial layihələrə ayrılan vəsaitlərin vergi güzəştləri də tətbiq olunur. Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi 2024-cü il yanvarın 1-dən 5 il müddətinə. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir. 

İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmış Korporativ Etika Məcəlləsində şirkətlərin əməkdaşlarına hörmətlə davranmalı olduğu, təkcə əməkdaşlıq etdiyi şirkətlər qarşısında deyil, bütünlükdə cəmiyyət qarşısındakı öhdəlikləri, hesabatlılığı vurğulanır.

Göründüyü kimi, korporativ sosial məsuliyyət gəlir mənbəyi deyil, biznesin idarəedilməsində mühüm amildir.