Süni intellekt ((Sİ), bəzən elmi məqalələrdə Aİ kimi də yazılır - Artificial İntelligence) artıq biznes proseslərinin ayrılmaz hissəsinə çevrilməkdədir. İqtisadiyyatın bir çox sahələrində tətbiq edilən və daha da genişlənməkdə olan Sİ insanları və onların əməyini tam əvəz edə bilməz, sadəcə dəstək ola bilər. Çünki Sİ insan zəkasını təqlid edərək böyük həcmdə məlumatları (data) analiz və emal edir, qanunauyğunluqları tapır və bizlərin istəyinə uyğun təqdim edir. Bəzən görürük, eşidirik insanlar narahat olurlar ki, Sİ bizim işimizi əlimizdən alacaq:). Lakin heç də belə deyil. Sİ yalnız proseslərin avtomatlaşdırılmasında, işlərin optimallaşdırılmasında bizlərə köməkçi funksiyasını yerinə yetirir. Necə ki illər əvvəl sənaye inqilabı baş verdi iri həcmli texnoloji avadanlıqlar istehsal edildi, internet, wifi icad olundu bu da zamanın və texnoloji inkişafın tələbidir. Unutmaq olmaz ki, Sİ insanın improvizasiya, empatiya və məsuliyyət tələb edən sahələrdə rolunu, həmçinin mövcud vəziyyətə görə qərarvermə bacarığını əvəz edə bilməz. Sadəcə çalışmaq lazımdır ki, Sİ-ə insan əməyini əvəz edən deyil, onu tamamlayan bir vasitə kimi baxaq. Bir məqamı da diqqətdə saxlayaq ki, Sİ alətlərindən istifadə edərkən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Artıq insan SSİ (Superintelligence) kimi insan zəkasını tam aşan bir sistem ilə qarşılaşmaqdadır. Bunun üçün düzgün prompt vermək, sorğu vasitələrindən istifadə etmək lazımdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın əsas məqsədlərindən biri də ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə süni intellekt sənayesinin inkişafı, o cümlədən işləmək üçün lazımi bilik və bacarıqlara malik ixtisaslı işçi qüvvəsinin hazırlanmasıdır. Buna görə də hesab edirəm ki, hər kəs fəaliyyət göstərdiyi sahəsi ilə bağlı bilik və bacarıqlarını artırmalı, Sİ-in imkanlarından səmərəli istifadə etməyə çalışmalıdır.