
Ünsiyyət və kommunikasiya səriştəsi
İş yerlərində ünsiyyət və kommunikasiya səriştəsi o qədər önəmlidir ki, bəzi korporativ şirkətlərdə hətta kommunikasiya strategiyası hazırlayıb təsdiqləyirlər.
Bəs nə üçün bu qədər önəmlidir bu səriştə?
Hər nə qədər 21-ci əsrdəyik, texnologiya əsridir deyib süni intellektin geniş yayıldığı bir dövrdə yaşasaq da doğru-düzgün ünsiyyət və kommunikasiya qurmaq hər zaman əhəmiyyət kəsb edəcəkdir.
Əmək münasibətlərini tənzim edən Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) kommunikasiya strategiyası dünyada əsasən şəffaf, inklüziv və məlumatlı işçi qüvvəsi yaratmaqla əmək standartlarını təbliğ etmək, tədqiqatları yaymaq və sosial ədaləti artırmaq məqsədi daşıyır. Unutmaq olmaz ki, əməkdaşlara dəyər vermək yalnız etik, korporativ mədəniyyət göstəricisi deyil, həm də işəgötürənin strateji üstünlüyüdür. Bəli hər bir şirkət, təşkilat cəmiyyətdə öz imicini formalaşdırmaq, qorumaq və tanınmaq arzusundadır. Bu “arzuya” çatmaq üçün rəhbər, idarəçi olan şəxslər ilk növbədə daxildə korporativ mədəniyyəti aşılamalı və gücləndirməlidir. Bunun üçün isə əlbəttə ki, açıq ünsiyyət, düzgün kommunikasiya aparılmalı və şirkətdə, təşkilatda, kollektivdə inam mühiti formalaşdırılmalıdır. Nəticədə işçi
bağlılığı, məmnuniyyət qazanılır, dolayısı ilə də günümüzdə bir çox iş yerində yaşanan, lakin rəhbərlərin sezmədiyi və çox da önəm vermədiyi tükənmişliyin qarşısı alınmış olunur.
Müasir cəmiyyətdə insan münasibətlərinin, təşkilati fəaliyyətin və liderliyin əsasını effektiv kommunikasiya təşkil edir. Kommunikasiya səriştəsi yalnız məlumat ötürmək deyil, həm də qarşılıqlı anlaşma yaratmaq, etibar etmək və münasibətləri inkişaf etdirmək bacarığıdır. Unutmayaq ki, düzgün qurulmuş kommunikasiya fərdi və peşəkar uğurun əsas şərtlərindən biri hesab olunur. İddialı səslənsə də deyə bilərik ki, əgər bir insan və ya təşkilat uğur qazanmaq istəyirsə, yalnız peşəkar bilik və bacarıq kifayət etmir, həmçinin düzgün kommunikasiya, qarşılıqlı anlaşma, informasiyanın aydın və effektiv ötürülməsi vacib şərtdir.
Bu səriştə aşağıdakı komponentləri əhatə edir:
- Şifahi kommunikasiya bacarıqları – danışıq tərzi (iclasda, görüşdə, müşavirədə və s.), söz seçimi, intonasiya;
- Yazılı kommunikasiya bacarıqları – məktub, təqdimat, protokol və s. yazma üslübu;
- Qeyri-verbal kommunikasiya bacarıqları – bədən dili, mimika, jestlər və s.;
- Aktiv dinləmə bacarığı – qarşı tərəfin fikirlərinə diqqət yetirmək və adekvat reaksiya vermək;
- Qəbul etmə, geri bildirim və rəy vermə bacarığı – bir məhsul, xidmət, davranış və s. haqqında şərh və qiymətləndirmə etmək;
Düzgün kommunikasiya qurmaq üçün aşağıdakı prinsiplərə əməl etmək vacibdir:
- Aydınlıq və dəqiqlik – fikirlər dolaşıq deyil, konkret şəkildə ifadə olunmalıdır;
- Dinləmə mədəniyyəti – danışmaq qədər dinləmək də önəmlidir;
- Hörmət və etik davranış – qarşı tərəfin fikrinə dəyər vermək;
- Uyğun üslub seçimi – auditoriyaya və situasiyaya uyğun danışıq tərzi;
- Geribildirim (feedback) – konstruktiv və inkişaf yönümlü rəy bildirmək.
Effektiv kommunikasiya münasibətlərin sağlam qurulmasına və konfliktlərin azalmasına səbəb olur. Xüsusilə iş mühitində effektiv kommunikasiya:
- Komanda işini gücləndirir;
- Məhsuldarlığı artırır;
- Səhv anlaşılmaların və gərginliyin qarşısını alır;
- Lider–işçi münasibətlərini möhkəmləndirir.
Kommunikasiya səriştəsi insanın həm sosial, həm də peşəkar həyatında uğur qazanmasının əsas amillərindən biridir. Düzgün kommunikasiya qurmaq qarşılıqlı
anlaşmanı gücləndirir, etimadı artırır və sağlam münasibətlərin formalaşmasına şərait yaradır. Bu bacarığın davamlı inkişafı düşünürəm ki sahəsindən asılı olmayaraq hər bir fərd üçün vacib və zəruridir.